Azəri Light neftinin qiyməti 100 dollara düşdü
Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 6,1 % azalaraq 100,9 ABŞ dollarına enib. Bu, dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnoz qiymətdən xeyli yüksəkdir.
Neft bazarındakı mənbənin Report-a verdiyi məlumata görə, Azəri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti dünya bazarında 6,56 dollar və ya 6,1 % ucuzlaşaraq 100,9 ABŞ dollarına düşüb. Eyni zamanda Brent markalı neftin yanvar fyuçersləri 91,76 dollar səviyyəsində qiymətləndirilib. Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azəri Light neftinin qiyməti 6,22 dollar və ya 6,07 % azalaraq 96,18 dollara enib. Qeyd edək ki, bu ilki dövlət büdcəsi bir barel neftin orta qiyməti 65 dollar əsasında hesablanıb. Azəri Light neftinin tarixində ən aşağı qiymət 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiymət isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Bu markalı neft Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi müqaviləsi çərçivəsində hasil edilir, burada SOCAR-ın payı 35,3 %-dir.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.