Əsas məzmuna keç
Savad
Maliyyə xəbərləri
TəhlükəsizlikAzərbaycan26 noyabr 2026

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarət tədbirlərini gücləndirir

Qısaca

Mərkəzi Bank 2026-cı ilin sonuna, ən geci 2027-ci ilin əvvəlinə qədər bankların, ödəniş və elektron pul təşkilatlarının dələduzluğa qarşı mübarizə mexanizmlərini təhlil edəcək.

Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov bildirib ki, təxminən bir ay əvvəl bank və ödəniş təşkilatlarına tövsiyə məktubu göndərilərək özünüqiymətləndirmə prosesi başladılıb.

Tövsiyələrə cihazların etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadəsinin aşkarlanması, yeni cihazlardan girişə nəzarət, tokenizasiya, əməliyyatların real vaxtda monitorinqi və benefisiarın yoxlanılması daxildir.

Cuvarovun sözlərinə görə, demək olar ki, bütün məlumatlar artıq toplanıb və bu il sonunadək, ən geci gələn il əvvəlində təhlil olunacaq. Zərurət yaranarsa, əlavə tövsiyələr göndəriləcək.

O həmçinin bildirib ki, ölkədən kənarda baş verən dələduzluqların böyük hissəsi elektron ticarət saytları, ölkə daxilində isə bankların mobil tətbiqləri ilə bağlıdır.

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarət tədbirlərini gücləndirir