The Economist: süni intellekt bazarında mümkün çöküş ABŞ iqtisadiyyatını risk altına qoyur
The Economist jurnalı xəbərdarlıq edib ki, süni intellekt sektoruna yönəlmiş nəhəng investisiyalar və texnologiya şirkətlərinin şişirdilmiş qiymətləndirmələri ABŞ fond bazarında ciddi ucuzlaşma riski yaradır. Bu isə dünyanın ən böyük iqtisadiyyatını tənəzzülə apara bilər.
“The Economist” noyabrın 12-də dərc etdiyi məqalədə bildirib ki, süni intellektdən asılı 10 böyük şirkət “S&P 500” indeksinin təxminən 40 faizini təşkil edir, bu da texnologiya səhmlərindəki mümkün satışların bütün bazara təsirini gücləndirir. ABŞ ailələrinin sərvətində səhmlərin payı 38 faizə çatıb — bu, 2000-ci ildəki “dotkom” köpüyü dövründən təxminən dörddə bir yüksəkdir. Risklər sırasında “Nvidia” ətrafındakı gərginlik, məlumat mərkəzlərinin tikintisinə qoyula biləcək məhdudiyyətlər və süni intellekt layihələrinin gəlirliliyi ilə bağlı qeyri-müəyyənlik qeyd olunur. “Anthropic”in gözlənilən ilkin səhm təklifi (IPO) sektor üçün mühüm sınaq sayılır — əgər bu şirkətin və “OpenAI”-ın gəlirləri gözləntiləri doğrultmasa, təsir çip istehsalçılarından məlumat mərkəzi operatorlarına qədər bütün sahəyə yayıla bilər. Jurnal 2008-ci il miqyasında dərin böhranı ehtimal etmir, çünki investisiyalar əsasən öz kapitalı hesabına maliyyələşdirilir və böyük texnologiya şirkətləri yüksək mənfəətliliyini saxlayır. Nəşrə görə, mümkün çöküş ABŞ-də 2001-ci ildəki kimi mülayim tənəzzülə səbəb ola bilər, lakin süni intellekt texnologiyalarının inkişafını dayandırmayacaq.
Digər xəbərlər
AMB: banklar 2027-ci ildən 4 istiqamətdə dayanıqlılıq hesabatı verəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndəsinə görə, banklar gələn ildən etibarən idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri üzrə dayanıqlılıq məlumatlarını açıqlamalı olacaq.
Milli Məclis Orta Kür sahəsi üzrə pay bölgüsü sazişini ratifikasiya etdi
Milli Məclis SOCAR, ExxonMobil və «Middle Kura» MMC arasında Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi təsdiqləyib.
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonuna doğru istifadəyə verilə bilər
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki avtomobil yolu hissəsi tamamlanıb, dəmir yolu işləri isə 2027-ci ilin əvvəlində başa çatacaq. Onun sözlərinə görə, bu, dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsinə şərait yaradır.